Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının ərazi partiya təşkilatının iclası keçirilib.
17 iyul 2026 | 23:16
İclasın işində iştirak edən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri Kamran Əmirov giriş sözü ilə çıxış edərək bildirib ki, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunması müstəqil Azərbaycanın tarixində yeni mərhələnin əsasını qoyub. Ümummilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır. Hazırda Ulu öndər Heydər Əliyevin siyasi kursu ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra təşkilati məsələlər gündəliyə çıxarılıb. YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova müvafiq məsələlər barədə məlumat verib. İclasda çıxışlar dinlənildikdən sonra açıq səsvermə yolu ilə ərazi partiya təşkilatının yeni sədri və sədr müavini seçilib. Səsvermənin nəticəsinə əsasən Qusar Rayon İcra Hakimiyyəti Başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev partiya təşkilatının sədri, Aparatın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Kəmalə Qlıçova isə sədr müavini seçilib.
Yeni seçilən sədr Ceyhun Hacıyev ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirərək qeyd edib ki, hakim partiya kimi Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətçilik maraqlarına xidmət edir və Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Ceyhun Hacıyev vurğulayıb ki, Rayon İcra Hakimiyyəti ilə YAP Qusar rayon təşkilatı arasında səmərəli əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Sədr müavini seçilən Kəmalə Qlıçova da ona bəslənən etimadı layiqincə doğrultmaq üçün əzmlə çalışacağını bildirib.
İclasda çıxış edən digər natiqlər də yeni seçilən ərazi partiya təşkilatının sədri və sədr müavininə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.






