Yeni seçilmiş bələdiyyələr üçün treninq keçirilib
11 mart 2025 | 18:40
Qusar rayon İcra Hakimiyyətində “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.4-cü bəndinə uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən yerli özünüidarəetmə qurumu olan bələdiyyələrlə qarşılıqlı fəaliyyəti təmin etmək üçün Xaçmaz Regional Ədliyyə İdarəsi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə treninq keçirilib. Qusar rayon İcra Hakimiyyətinin başçısı treninqin açılışını edərək yeni seçilən bələdiyyə sədrlərini təbrik edib, onlara işlərində uğurlar arzu edib.
Treninqdə Qusar rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin rəis müavini Əvəz Bədəlov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı İlqar Allahverdiyev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin Quba-Xaçmaz regional şöbəsinin rəisi Təngiz Nəzərov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz ərazi şöbəsinin torpaqların idarəedilməsi və istifadəsinə nəzarət sektorunun müdiri Vüqar Musayev, o cümlədən inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyələr iştirak ediblər.
İştirakçılar yerli özünüidarəetmənin mahiyyətinə uyğun olaraq yerli əhali ilə sıx təmasın təşkili, bələdiyyələrin fəaliyyəti barədə əhalinin mütəmadi məlumatlandırılmasının əhəmiyyətini qeyd ediblər. Treninqdə bələdiyyə büdcəsinin formalaşdırılması, gəlir və xərclərin uçotu, vergi qanunvericiliyinin icrası, bələdiyyələr tərəfindən vergilərin hesablanması, yığılması və hesabatların təqdim edilməsi, bələdiyyələr haqqında Azərbaycan Respublikası qanunlarının tədbiqi vəziyyəti, əmək qanunvericiliyi, bələdiyyə əmlakının idarə edilməsi, onların fəaliyyəti zamanı yol verilən hüquqpozmalar, bələdiyyələrin ümumi fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.