Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Yerlərdə səyyar vətəndaş qəbulları davam etdirilir

14 aprel 2026 | 18:35
Vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və yerlərdə mövcud problemlərin həlli məqsədilə Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu aprelin 14-də rayonun Salahoba kəndində keçirilmişdir. Səyyar qəbulda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak etmişdir.
Salahoba kənd sakinləri kənddaxili yolun təmiri, əsasən yay aylarında içməli su təminatında yaranan çatışmazlığın aradan qaldırılması məqsədilə artezian quyusunun qazılması və ya su çəninin quraşdırılması, ictimai nəqliyyat üçün dayanacağın quraşdırılması, elektrik enerjisinin verilişində müşahidə olunan fasilələrin aradan qaldırılması, kənddə məktəb olmadığı üçün uşaqların üz tutduğu Şirvanlı kənd məktəbinin yolunun təmiri ilə bağlı müraciətlərini səsləndirmişdir. Həmçinin, bağ təsərrüfatlarında fəaliyyət göstərən şirkətlər tərəfindən aparılan dərmanlama işlərinin aqrotexniki qaydalara uyğun şəkildə həyata keçirilməməsi səbəbindən fərdi arıçılıq təsərrüfatlarına ziyan dəydiyini qeyd edən sakinlər bu istiqamətdə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. 
Görüş çərçivəsində icra başçısı kənd sakinlərinin məşğulluq səviyyəsi, kənd təsərrüfatı sahəsində mövcud vəziyyət, eləcə də son günlər rayon ərazisində müşahidə olunmuş güclü yağıntıların fərdi yaşayış evlərinə, əkin sahələrinə, kənd təsərrüfatına vurduğu ziyanlarla maraqlanmışdır. Qeyd olunmuşdur ki, yağıntılarla əlaqədar kənd ərazisində hər hansı ciddi fəsad və ziyan qeydə alınmamışdır. 
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin mümkün həlli yolları ilə bağlı aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər