Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Yüksək balla ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlarla görüş keçirilib

09 sentyabr 2026 | 18:02
 
Sentyabrın 9-da Qusar Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 2025-2026-cı tədris ilində yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlarla görüş keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, məktəb direktorları və müəllimlər, məzunlar, müxtəlif müsabiqələrdə yüksək nəticə göstərmiş şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev çıxış edərək ali təhsil müəssisələrinə qəbul olunmuş məzunları əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib. Bildirilib ki, Qusar rayonunda 2025-2026-cı tədris ili təhsil sahəsində əldə olunan mühüm nailiyyətlərlə yadda qalıb və bu uğurların arxasında şagirdlərin məqsədyönlü çalışması ilə yanaşı, pedaqoji kollektivlərin peşəkarlığı və rayon rəhbərliyi tərəfindən təhsil sahəsinə göstərilən diqqət dayanır.
Regional Təhsil İdarəsinin müdiri son illərdə Qusar məktəblilərinin fənn olimpiadaları və müxtəlif intellektual müsabiqələrdə əldə etdiyi nəticələrin müsbət dinamika təşkil etdiyini qeyd edib. 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarının, fənn olimpiadalarının və müxtəlif müsabiqələrin nəticələrinin qənaətbəxş olduğunu bildirən Coşqun Əliyev əldə olunan göstəricilərin daha da yüksəldilməsi məqsədilə qarşıdakı dövrdə də ardıcıl və məqsədyönlü fəaliyyətin davam etdiriləcəyini diqqətə çatdırıb.
Qeyd olunub ki, cari ildə Qusar rayonunun ümumtəhsil məktəblərini 959 şagird bitirib. Məzunlardan 461 nəfəri ali təhsil müəssisələrinə sənəd verib və onların 330 nəfəri respublikanın ali təhsil müəssisələrinə qəbul olunub. 12 nəfər 600-700 bal, 31 nəfər 500-600 bal, 66 nəfər isə 400-500 bal intervalında nəticə göstərib. Coşqun Əliyev, həmçinin, Qusar məktəblilərinin Ulu Öndər Heydər Əliyevin siyasi irsinin gənc nəslə tanıdılması məqsədilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində də rayon məktəblilərinin artıq üçüncü ildir ki, yüksək nəticələr göstərərək fərqləndiklərini qeyd edib.
Tədbirdə daha sonra məzunların uğurlarında pay sahibi olan müəllimlər çıxış ediblər.
Sinif rəhbəri olduğu sinfin bütün məzunlarının ali təhsil müəssisələrinə qəbul olunduğu, şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi Qumru Çigniyeva, Balaqusar kənd tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi, sertifikasiya imtahanında 58 bal toplayaraq yüksək nəticə göstərmiş Ruqiyə Hüseynova, eləcə də Hil kənd tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi, coğrafiya fənni üzrə üçqat Respublika Fənn Olimpiadası qalibi Qəhrəman Məlikovun müəllimi Nürəddin Yüzbəyov çıxış edərək məzunları, onların valideynlərini və həmkarlarını təbrik ediblər.
Müəllimlər öz çıxışlarında şagirdlərinin qazandığı hər bir uğurun onlar üçün böyük qürur və sevinc mənbəyi olduğunu bildirərək, yüksək nəticələrin yalnız bir göstərici olmadığını, uzunmüddətli zəhmətin, müəllim əməyinin və ailə dəstəyinin nəticəsi olduğunu vurğulayıblar. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizdə müəllimlərin peşəkar inkişafı və əməyinin stimullaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Sertifikasiya imtahanının da bu istiqamətdə mühüm mexanizmlərdən biri olduğu qeyd edilərək, şəffaf və obyektiv şəkildə keçirilən imtahanın müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı, onların peşəkar inkişafına və öz üzərlərində daha ciddi çalışmalarına stimul verdiyi bildirilib. Məzunlara gələcək təhsil həyatlarında uğurlar arzulayan müəllimlər onları qazandıqları nailiyyətləri yeni mərhələdə də davam etdirməyə, daim öyrənməyə, biliklərini artırmağa və Vətənə layiqli vətəndaş olmağa çağırıblar.
Daha sonra tədbirdə Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin məzunu Emiliya Qayıbova çıxış edib. Tam orta təhsil pilləsini qızıl medalla başa vuran, riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadasının gümüş medalçısı olan Emiliya Qayıbova cari ilin buraxılış imtahanında maksimum 300 bal toplayaraq 689 bal ilə Bakı Ali Neft Məktəbinin data analitika ixtisasına qəbul olub. Gənc məzun belə bir görüşün təşkilinə və onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürünü bildirib. O, əldə etdiyi nəticənin arxasında müəllimlərinin zəhməti, valideynlərinin dəstəyi və özünün davamlı əməyinin dayandığını qeyd edərək, uğurun əsas şərtinin məqsədə inamla yanaşı, həmin məqsəd uğrunda ardıcıl və səbirli şəkildə çalışmaq olduğunu bildirib. Emiliya Qayıbova bundan sonra da seçdiyi ixtisas üzrə özünü inkişaf etdirmək, yüksək nəticələr əldə etmək üçün səylə çalışacağını qeyd edib.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tədbir iştirakçılarını salamlayaraq yüksək nəticə göstərmiş məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib, hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İcra başçısı müasir dövrdə ölkələrin inkişafını müəyyən edən əsas amillərdən birinin məhz insan kapitalı olduğunu, insan kapitalının formalaşmasının təməlində isə keyfiyyətli təhsilin dayandığını vurğulayıb. Ulu Öndər Heydər Əliyevin “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” fikrini xatırladan icra başçısı cəmiyyətin gələcəyinin formalaşmasında müəllimlərin üzərinə düşən böyük məsuliyyətdən söz açaraq, müəllim əməyinin hər zaman yüksək qiymətləndirilməsinin vacibliyini qeyd edib.
Rayon rəhbəri Qusar müəllimlərinin sertifikasiya imtahanlarında göstərdikləri yüksək nəticələri xüsusi qeyd edərək bunu pedaqoji kollektivlərin peşəkarlığının mühüm göstəricisi kimi qiymətləndirib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsil sahəsi və gənclərin inkişafı ilə bağlı həyata keçirilən çoxşaxəli layihələr bu sahəyə göstərilən dövlət qayğısının tərkib hissəsini təşkil edir.
Sahir Məmmədxanov Qusar rayonunda da təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü, yeni məktəb binalarının tikildiyini, mövcud təhsil müəssisələrində təmir və yenidənqurma işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bütün bu tədbirlərin əsas məqsədi şagirdlərin daha yaxşı təhsil alması, onların müasir bilik və bacarıqlara yiyələnməsi üçün əlverişli şəraitin yaradılmasıdır.
Məzunların qarşısında yeni və daha məsuliyyətli bir mərhələnin olduğunu bildirən icra başçısı onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb, daim öz üzərlərində işləməyi, bilik və bacarıqlarını davamlı şəkildə artırmağı tövsiyə edib.
Çıxışlardan sonra rayonun bir sıra qabaqcıl təhsil işçiləri, eləcə də sertifikasiya imtahanında yüksək nəticə göstərmiş müəllimlər Qusar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunublar.
Qəbul imtahanlarında 600-dən yüksək bal toplamış məzunlara qiymətli hədiyyələr təqdim olunub, yüksək balla ali təhsil müəssisələrinə qəbul olmuş məzunlar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşəkkürnamələri ilə təltif ediliblər.
Ardınca 2025-2026-cı tədris ilində 400-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş məzunların, həmçinin müxtəlif müsabiqə və fənn olimpiadalarında yüksək nəticələr əldə etmiş şagirdlərin mükafatlandırılması haqqında Qusar Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı səsləndirilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Keçidlər