Zəfərin təməlində milli birlik və həmrəylik ideyaları dayanır
04 noyabr 2026 | 18:15
Noyabrın 4-də Qusar rayonunun Çiləgir kənd tam orta ümumtəhsil məktəbində Qusar Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Zəfərin güc mənbəyi – milli birlik və həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin baş məsləhətçisi Mehman Məmmədov, məktəbin direktor müavini, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Qələbənin xalqımızın sarsılmaz iradəsinin, milli həmrəyliyinin və dövlətçilik ətrafında sıx birliyinin təntənəsi olduğu vurğulanıb. Qeyd edilib ki, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoymaqla yanaşı, Azərbaycanın milli gücünü, əzmini və qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Cəmi 44 gün ərzində qazanılan Zəfər güclü Ordumuzun döyüş qabiliyyətinin, Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin və arxa cəbhədə bir amal ətrafında birləşən xalqımızın sarsılmaz iradəsinin nəticəsi kimi dəyərləndirilib.
Bildirilib ki, Vətən müharibəsində xalqımızı qələbəyə aparan əsas amillərdən biri dövlətlə xalqın, ordu ilə cəmiyyətin vahid məqsəd ətrafında birləşməsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz bir yumruq kimi birləşdik” fikri həmin dövrdə nümayiş etdirilən milli həmrəyliyin mahiyyətini ifadə etməklə yanaşı, Zəfərə aparan yolun əsas ideoloji dayaqlarından birinə çevrilib. Məhz bu birlik xalqımızın mübarizə əzmini daha da gücləndirərək qarşıya qoyulan tarixi məqsədin reallaşmasında mühüm rol oynayıb.
Natiqlər, həmçinin milli birliyin və həmrəyliyin yalnız tarixi Qələbənin əldə olunmasında deyil, dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi və ölkənin gələcək inkişafının təmin edilməsində də müstəsna əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Sonda şagirdlər mövzu ilə bağlı fikirlərini bölüşüb, onları maraqlandıran suallara cavab alıblar.






