Zindanmuruq kənd tam orta ümumtəhsil məktəbində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib
30 oktyabr 2026 | 17:48
Qusar rayonunun Zindanmuruq kənd tam orta ümumtəhsil məktəbində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub.
Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun ümumtəhsil məktəblərində silsilə şəklində keçirilən bu cür görüşlərin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və tarixi Zəfərimizin canlı şahidləri ilə ünsiyyətin yaradılmasıdır.
Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə təkcə hərbi zəfər deyil, həm də xalqımızın milli iradəsinin, birliyinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin təntənəsidir.
Vətən müharibəsi iştirakçıları keçdikləri şərəfli döyüş yolundan, cəbhədə yaşadıqları çətin və eyni zamanda qürurlu anlardan, düşmən üzərində qazanılan parlaq qələbədən bəhs ediblər. Onlar qeyd ediblər ki, Ali Baş Komandanın “İrəli” əmri və xalqın ordumuza olan sonsuz inamı hər bir əsgərə əlavə güc verib. Qazilər şagirdlərə yaxşı oxumağı, Vətəni sevməyi və dövlətə layiqli vətəndaş olmağı tövsiyə ediblər.
Görüşdə şagirdlər də fəal iştirak edərək onları maraqlandıran suallara cavab alıblar.
Sonda məktəbin hərbi rəhbəri Azadov Rövşən Zeynəddin oğluna gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi işində göstərdiyi səmərəli fəaliyyətinə görə fəxri fərman təqdim olunub.






