Qusar zəngin etnoqrafik tarixi irsə malikdir
18 noyabr 2024 | 17:44
Qədim tarixi-mədəni abidələr xalqın əsrlər boyu yaratdığı maddi və mənəvi sərvətlərin izlərini saxlayan tarixi dəlillərdir. Qusar rayonu ərazisində 48 adda ölkə əhəmiyyətli, 18 adda yerli əhəmiyyətli tarixi və mədəniyyət abidəsi mövcuddur. Bunlara Əniq kəndindəki IX əsrə aid qala divarlarının qalıqları, Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi, XIX əsrə aid Əniq, Xuray, Hil kənd məscidləri, Kirig kəndindəki orta əsrlərə aid karvansara, Düztahir, Quxur, Əniq, Hil kəndlərinin yaxınlığındakı nekropollar, Köhnə Xudat kəndindəki Xudat qalasının qalıqları və s.aiddir.
Qusar rayonunda 50-dən çox qədim şəhər və kəndlərin qalıqları vardır. II Qəflə təpəsi, Böyük təpə, Pirali təpələri, III Gavdişan təpəsi, Keledxür, Qızlar təpəsi, Çoban təpəsi, Yusufxan təpəsi, I, II Miysar təpələri arxeoloji abidələrindən tapılmış məişət əşyaları, əmək alətləri, dulusçuluq məmulatlarının qalıqları bu ərazidə yaşamış qədim dövr insanlarının məişəti və həyat şəraitini öyrənmək baxımından, o cümlədən Qusarın qədim kəndlərindən olan Gədəzeyxür kəndində “Şamilapel”, “Verdixanpel” adlı yaşayış məskənlərindən aşkar edilmiş qədim yaşayış məskənlərindən aşkar edilmiş qəbirlər, saxsı qabların qalıqları Qafqaz Albaniyasının V-VIII əsrlər dövrünü öyrənmək baxımından mühüm əhəmiyyətə malikdir.
IX əsrə aid olan Əniq kəndində yerləşən Qala divarlarının qalıqları və Həzrə kəndində yerləşən 1554-cü ilə aid Şeyx Cüneyd türbəsi ölkə əhəmiyyətli memarlıq abidələridir.
Monumentallığı və özünəməxsusluğu ilə diqqəti cəlb edən Əniq məscidinin gümbəzi xaricdən naxışlı metalla örtülmüş, içəridən isə bəzəkli taxtalarla işlənmişdir. Sadə memarlıq üslubuna malik məscidin divarları rəngkarlıq süjetləri və naxışlı kompozisiyalarla bəzədilmişdir.
XVI əsrə aid Şeyx Cüneyd türbəsi hər tərəfi 7,23 m ölçüyə malik olan kvadrat planlı əsas binadan və onun künclərindəki otaqlardan-hücrələrdən ibarətdir. Türbənin iç səthi 1,42 m hündürlüyə qədər mavi və qara-bənövşəyi kaşı lövhələrlə üzlənmiş, interyerin yuxarı hissəsi suvaqla örtülmüşdür. Sonuncu dəfə 2007-ci ildə bərpa edilmiş türbənin interyerinin tarixi görkəmi qorunub saxlanılıb.
Qusarın qədim tarixinin sübutu olan eksponatlar rayon Tarix-Diyarşünaslıq muzeyində qorunub saxlanılır.