Rayon İcra Hakimiyyətində aqrar məsələlərə həsr olunmuş müşavirə keçirilmişdir
Qusar rayon İcra Hakimiyyətində keçirilən müşavirədə yazlıq əkinlərin gedişatı, əkin sahələrinin suvarma suyu ilə təminatında olan problemlər, kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrə, herbisid və dərmanlarla təminatı, “Aqroservis” ASC-nin rayon bölməsinin texnikalarının yazlıq əkin və biçin mövsümlərinə hazırlıq vəziyyəti və digər məsələlər müzakirə edilmişdir. Müşavirədə rayonun aqrar sahəyə xidmət göstərən müəssisələrin rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişdir.
Müşavirədə aidiyyatı qurumların rəhbərləri digər sahələrdə işlərin normal getdiyini qeyd etməklə yanaşı yağıntı miqdarının az olması ilə əlaqədar çaylarda tələbata uyğun suyun olmaması səbəbindən sahələrin suvarma suyu ilə təminatında problemlərin olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, son iyirmi ildə rayonda müəyyən növ əkin sahələrin xeyli artması bir tərəfdən məhsul istehsalının və yeni iş yerlərinin açılmasına səbəb olmuş, eyni zamanda suvarma suyuna olan tələbat da artmışdır. Belə ki, 2003-cü illə müqayisədə suvarma suyu daha çox tələb edən bağ sahələri 3,1 dəfə, 8908 hektar (4209-13117), tərəvəz sahələri 1,5 dəfə, 503 hektar (965-1468), yonca və digər çox illik otların əkin sahəsi 7,6 dəfə, 1788 hektar (270-2058) və s. artması suya olan tələbatı da artırmışdır. Digər tərəfdən son illərdə yağıntı miqdarının və dağlarda qar ehtiyatının azalması suvarma mövsümündə suvarma suyunun çatışmazlığı problemini yaradır. Ona görə də sudan qənaətlə və səmərəli istifadə edilməsi üçün Qusarçayda mövcud suyun Cağar-Cibir kanalına və çaydan qidalanan arxlara növbə ilə, qrafik əsasında verilməsi, eyni arxdan su götürən kəndlərə də suyun qrafik əsasında bölgüsünün aparılması, gecə suvarmanın təşkil edilməsi, su itkilərin qarşısını almaq üçün arxların təmizlənməsi, təsərrüfatlara suyun növbəlik əsasında verilməsi üçün komissiya və ya işçi qrupların təşkil edilməsi, su mənbələrinə qanunsuz müdaxilələrin qarşısının alınması üçün nəzarətin artırılması və digər tədbirlərin görülməsi qərara alınmışdır. Bununla əlaqədar aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir.