Tarixi
Azərbaycan Respublikasının şimal-şərqində yerləşmiş Qusar rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1929-cu ildə Quba qəzası ləğv olunaraq rayonlara bölünmüş və mərkəzi Hil kəndi olmaqla indiki Qusar rayonu yaradılmışdır. 1934-cü ildə rayon mərkəzi Qusara köçürülmüş və 1938-ci ildən bura şəhər statusu verilmişdir.
Rayon daxilində ən qədim dövr çöküntüləri aşağı və orta yura yaşlı olub (Tahircal çayının yuxarı orta axınlarında) yaşı 135 -145 milyon ilə çatlr.
Qusar toponiminin mənşəyi haqqında müxtəlif mülahizələr mövcuddur.
Qusar coğrafi obyekt adının rus dilində vaxtilə “macar forması geymiş süvari əsgər” mənasında işlənmiş qusar sözü ilə bağlı olması haqqında mülahizə də mövcuddur. Fərziyyəyə görə Rusiyada 1783-1784-cü illərdə təşkil edilmiş Qusar Süvari alayı Azərbaycanın Rusiyaya ilhaq edilməsindən sonra rayon ərazisində yerləşdirilmiş və həmin yer bu qoşun növünün adı ilə adlandırılmışdır.
Digər bir mülahizəyə görə Qusar sözü qus/quz (qədim türk tayfasının adı) və ar (adam, kişi, ər) hissələrindən formalaşmış və quzlardan olan kişi, ər mənasında işlənmişdir.
Qusar sözünə A. Bakıxanovun “Gülüstani-İrəm” əsərində də rast gəlinir. Əsərdə 1602-ci ildə baş vermış hadisələrdən bəhs edən hissədə Qusar kəndinin adı çəkilir. (“Gülüstani İrəm” əsəri, Elm nəşriyyatı 1991, səh. 108).
Qusar rayonu ərazisində həyatın b.e.ə. II minillikdən etibarən mövcud olması güman edilir. Burada mövcud qədim yaşayış məskənləri kimi b.e.ə. I minilliyə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gövduşan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləyər), Qələxur təpələri (Həzrə) və sairəni göstərmək olar.
Rayon ərazisində bir sıra tarixi abidələr də mövcuddur. Rayonun Əniğ kəndində XIII əsrə aid qala divarlarının qalıqları, Həzrə kəndindəki 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olaraq burada dəfn olunmuş Ərdəbil şeyxi Şeyx Cüneydin qəbri üzərində 1544-cü ildə tikilmiş türbə, XVIII əsrə aid Köhnə Xudat, Xuray, XIX əsrə aid Hil, Gündüzqala və Həsənqala kənd məsçidləri bu günədək mühafizə edilən qədim tarixi abidələrdəndir.
Tarixi proseslər axarında, hal-hazırda Qusar adlanan bölgədə elm, mədəniyyət xadimləri ilə yanaşı səriştəli sərkərdələr və xalq uğrunda ölümə gedən üsyançılar da yetişmişdir.
Qusarın Xuluq kənd sakini Hacı Məhəmməd 1837-ci ildə Qafqazda çar işğalına qarşı baş vermiş ilk mütəşəkkil silahlı üsyanın təşkilatçısı və rəhbəri olmuş, 1853-cü ildə Qusarın Cağar kəndində doğulmuş Qaçaq Hətəm çarizmin müstəmləkəçilik siyasətinə qarşı çıxmış və Azərbaycan Demokratik Respublikasını müdafiə etmək üçün dəfələrlə XI Qızıl Ordunun dəstələri ilə fədakarcasına döyüşmüşdür.
II Dönya Müharibəsi cəbhələrində göstərdikləri rəşadətə görə həmyerlilərimizdən Mirzə Vəliyev (1923-1944), Adil Quliyev və A.İ.Rıbnikov Sovet İttifaqı Qəhrəmanı, Salah Salahov Bolqarıstanın qəhrəmanı fəxri adına layiq görülmüş, general-mayor Mahmud Əbilov (1898-1972) Sovet Ordusunun Diviziya Komandiri vəzifəsinə kimi yüksəlmiş və Böyük Vətən Müharibəsində xüsusilə fərqlənmişdir. Mühəndis Nizaməddin Ağamuradov və həkim Qavril Yelizarov Sosialist Əməyi Qəhrəmanı adına, Qarabağ səmasında qəhrəmanlıqla həlak olmuş hərbi pilot Fəxrəddin Musayev (1957-1992) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Qusar rayonu çoxlu elm xadimləri və görkəmli təhsil işçiləri də yetişdirmişdir. Fizika - riyaziyyat elmləri doktoru Kərim Kərimov, geologiya-minerologiya elmləri doktoru Qambay Xanməmmədov, neft-kimya üzrə elmlər doktoru Kamal Abdullayev, kənd təsərrüfatı elmləri doktoru Nazim Əmirov, sənətşünaslıq elmləri doktoru Nürəddin Həbibov, tarix elmləri doktoru Nuru Qurbanov, fəlsəfə elmləri doktoru Şaiq Şıxkərimov, tanınmış yazıçı jurnalist Əmir Mustafayev və başqaları rayonumuzun fəxri şəxsiyyətləridir.