Rayon haqqında
Ərazisi 1542 km2 olan rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd vardır. Bu yaşayış məntəqələri 29 inzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsilə idarə olunur. Rayon əhalisinin sayı 01 yanvar 2017-ci il tarixə 96,5 min nəfərdir. Rayonun əhalisinin 21%-i şəhərdə, 79%-i kəndlərdə yaşayır.
Relyefinə görə Qusar rayonu ovalıq, dağətəyi və dağlıq hissələrə bölünür. Torpaq örtüyü şabalıdı, boz-qonur, dağ-çəmən və dağ-meşə torpaqlarından ibarətdir. Rayon ərazisində çoxlu minerallara; mərmər, limonit, xalkopirit, əhəngdaşı və s. rast gəlinir. Burada təqribn 200 adda bitki və zəngin heyvanat aləmi mövcuddur. Rayonda 22500 hektar meşə sahəsi (palıd, fıstıq, vələs və s.) vardır.
Qusar rayonu şimaldan Rusiya Federasiyası ilə, şərqdən Xaçmaz rayonu ilə, cənubdan Quba rayonu ilə və qərbdən Qəbələ rayonu ilə sərhədlərə malikdir. Rayon mərkəzi dəniz səviyyəsindən 690-730 metr, ən ucqar Əlix kəndi 2400 metr yüksəklikdə yerləşir. Böyük Qafqaz dağlarının Bazardüzü (4466 m.) və Şahdağ (4243 m.) zirvələri, eləcə də 1998-ci ildə Heydər Əliyevin 75 illik yubileyi şərəfinə fəth edilmiş və ümummilli liderimizin adı verilmiş Heydər zirvəsi (3755 m.) Qusar rayonu ərazisindədir. Rayon ərazisindən çoxlu dağ çayları axır. Suyundan rayon ərazisindəki torpaqların suvarılmasında geniş istifadə edilən, əsasən qar və buzlaq suları ilə qidalanan Qusar və Samur çayları rayon ərazisindən keçməklə Xəzər dənizinə tökülür.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı 1969-1987-ci illərdə rayonumuzun iqtisadiyyatının inkişafına lazımi şərait yaradılmışdır. Həmin illərdə 50 milyon şərti banka istehsal gücü olan Qusar, 5 milyon şərti banka istehsal gücünə malik Samur konserv zavodları, 300 min dekalitr istehsal gücünə malik ilkin şərab emalı müəssisəsi, 5,9 min tonluq 4 meyvə - tərəvəz soyuducusu, 5800 başlıq heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermalar tikilmiş, 157 km-lik asvalt örtüklü yollar, Qusar və Uqur çaylarında iki körpü, 56 km-lik su kəməri və 50 km. elektrik xətləri, 2,9 min nömrə tutumu olan avtomat telefon stansiyası istifadəyə verilmişdir. Qusar şəhərinə və bir sıra kənd yaşayış məntəqələrinə təbii qaz verilməsi məqsədlə 350 km. uzunluğunda qaz kəmərləri çəkilmişdir. Həmin illərdə 410 yerlik 7 məktəbəqədər uşaq müəssisəsi, 4500 şagird yerlik 9 ümumtəhsil məktəbi, 1300 yerlik 4 mədəniyyət evi, 75 çarpayılıq xəstəxana, 1 məişət xidməti kombinatı tikilib istifadəyə verilmişdir.