İqtisadiyyat
Regionlarının sosial-iqtisadi inkişafını təmin edən Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində son illər respublikanın digər bölgələrdə olduğu kimi Qusar rayonunda da iqtisadiyyatın bütün sahələri inkişaf edir. 2018-ci ildə rayonda sahibkarlığın, turizmin, kənd təsərrüfatının və digər sahələrin inkişaf etdirilməsi, sosial məsələlərin, sakinlərin mənzil-məişət problemlərinin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Ölkə başçısının regionların sosial-iqtisadi inkişafının aparıcı amillərindən biri kimi investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, özəl investisiyaların cəlb edilməsi məqsədilə şəhər və rayonlarda sahibkarlara müvafiq dəstək və köməkliyin göstərilməsi barədə tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyəti tərəfindən rayon iqtisadiyyatının müxtəlif sahələrinə investisiyaların cəlb edilməsi sahəsində 2017-ci və 2018-ci illərdə bir sıra işlər görülmüşdür. İlk növbədə sahibkarlarla görüşlər keçirilmiş, investisiyaların qoyulması tələb olunan sahələr haqqında geniş məlumatlar verilmiş, investisiya layihələrinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydalarına dair Sahibkarlığa Kömək Milli Fondu ilə birlikdə sahibkarlarla 2017-ci ilin sentyabr, 2018-ci ilin mart ayında işgüzar forum keçirilmiş və digər tədbirlər görülmüşdür. Bu illər ərzində sahibkarlıq subyektləri tərəfindən rayon iqtisadiyyatının müxtəlif sahələrinə böyük həcmdə özəl investisiyalar qoyulmuşdur. Rayonun kənd təsərrüfatına qoyulan investisiyalar əsasən yeni meyvə bağlarının salınmasına, müasir suvarma sistemlərinin qurulmasına, kənd təsərrüfatı texnikasının və agreqatlarının alınmasına, soyuducu meyvə anbarlarının tikintisinə, maldarlıq və quşçuluq təsərrüfatlarının yaradılmasına yönəldilmişdir. Kənd təsərrüfatı ilə yanaşı turizmin inkişafına xidmət edən otel, restoran, istirahət mərkəzlərinin, eləcə də ticarət və xidmət obyektlərinin tikintisi və genişləndirilməsi üzrə sahibkarlar tərəfindən layihələr həyata keçirilmiş, nəticədə 1161-i daimi olmaqla 1324 yeni iş yeri açılmışdır. 2018-ci ildə 23 hüquqi və 816 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmişdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən Qusar rayonunda həyata keçirilən layihələrə 2016-cı ildə 20 layihəyə 410 min manat, 2017-ci ildə 28 layihəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1 milyon 75,5 min manat, 2018-ci ildə 22 layihəyə 10726,0 min manat güzəştli kredit verilmişdir. Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq rayonda 8884 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərilən 34309 hektar sahəyə görə 2 milyon 441 min manat vəsait hesablanmış və onların bank hesablarına köçürülmüşdür. Həmçinin 1-ci və 2-ci reproduksiyalı toxumluq taxıl, kartof və meyvə tinglərinin istehsalı ilə məşğul olan 17 nəfər istehsalçıya 546,6 min manat əlavə subsidiya ödənilmişdir. Hesabat ilində sahibkarlara güzəştli qaydada 1338,8 ton mineral gübrə, 2 nəfər sahibkara 47 baş damazlıq cins mal verilmiş, 1307 baş cins buzov götürmüş 1108 sahibkara 130,7 min manat subsidiya ödənilmişdir.
Rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün iri istehsal, emal və xidmət müəssisələri özəlləşdirilmiş, rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında Aqrar islahatlar başa çatdırılmışdır. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qusar rayonu üzrə maliyyələşdirilmiş layihələr aşağdakı kimidir:
-4 logistik mərkəz (tutumu 22.3 min ton);
-1 üzümçülük təsərrüfatı (illik 3 min ton);
-3 bağçılıq və tingiçilik təsərrüfatı (illik 2.8 min ton meyvə və 120 min ədəd ting);
- 1 çörək istehsalı müəssisəsi (illik 8.5 ton)
Kənd təsərrüfatı
Qusar rayonu ölkəmizin mühüm kənd təsərrüfatı rayonlarındandır. Rayonun 81460 hektar kənd təsərrüfatına yararlı torpağının 34 403 hektarını (42,2 %) əkin yeri təşkil edir. Suvarılan torpaqların sahəsi 29 398 hektardır.
Rayonun kənd təsərrüfatının əsasını iki böyük sahə-bitkiçilik və heyvandarlıq təşkil edir. Qusar rayonunda yetişdirilən əsas kənd təsərrüfatı bitkiləri aşağıdakılardır: buğda, arpa, qarğıdalı, lobya, kartof, alma, armud, fındıq, pomidor və kələm.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək məqsədi ilə “Aqroservis” müəssisəsi yaradılmış, həmin müəssisədə yeni toxum və gübrə anbarları, texniki xidmət emalatxanası, inzibati bina və digər xidməti binalar ınşa edilmiş, 2018-ci ildə müəssisəyə əlavə 2 ədəd traktor, 3 ədəd qoşqu agregatı gətirilmiş və müəssisədə cəmi mövcud 38 ədəd texnika və 94 ədəd müxtəlif təyinatlı agregatla kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmət göstərilmişdir. Baytarlıq xidmətinin yaxşılaşdırılması məqsədilə rayon Baytarlıq İdarəsi və Diaqnostik kabineti üçün yeni inzibati binalar tikilib istifadəyə verilimişdir.
Rayonda yüksək keyfiyyətli meyvə, tərəvəz, həmçinin heyvandarlıq məhsulları istehsalı üçün təbii iqlim şəraiti və kifayət qədər işçi qüvvəsi vardır. Rayon əhalisinin 79 faizi yəni 63,2 min nəfəri kəndlərdə yaşayır. Rayonda 81460 hektar kənd təsərrüfatına, 34403 hektar əkinə yararlı torpaq sahəsi mövcuddur. Hazırda rayonda 5 min hektardan çox meyvə bağları vardır ki, bundan 83 %-i bar verən bağlardır. Meyvə bağlarının 68 %-i alma bağları təşkil edir. Son dövrə kimi meyvə saxlama kameralarının çatışmaması səbəbindən rayonda hər il külli miqdarda meyvə, tərəvəz məhsulu xarab olurdu. Mövcud problemi aradan qaldırmaq məqsədilə dövlətin dəstəyi ilə sahibkarlar tərəfindən rayonun Çubuqlu kəndi ərazisində 4 min tonluq, Samur qəsəbə nümayəndiliyi ərazisində 800 tonluq, Yeni Həyat kəndində 2 min tonluq meyvə saxlama soyuducu anbar binaları tikilmişdir. Bu soyuducu saxlama kameraların tikintisi bazarda il boyu meyvə və tərəvəz məhsullarına olana tələbatın yerli istehsal hesabına ödənilməsini təmin edəcək, əlavə iş yerlərinin açılmasına təkan verəcəkdir.
Rayon ərazisinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün 1938-ci ildə istifadəyə verilmiş, su tutumu 4 m3 olan Zeyxur, 1955-ci ildə istifadəyə verilmiş, su tutumu 45 m3 olan, 24, 7 km.-lik hissəsi rayon ərazisindən keçən Samur-Abşeron, 1975-ci ildə istismara verilmiş, uzunluğu 64 km, su tutumu 9,5 m3 olan Cağar-Cibir və rayon ərazisindəki 24 km-lik hissəsi 2003-cü ildə istismara verilmiş, su tutumu 30 m3 olan Xanarx kanallarından istifadə edilir.
2018-ci ildə əkin sahələrinin suvarma suyuna olan tələbatının vaxtında ödənilməsi məqsədilə suvarma sistemləri lil və çöküntülərdən təmizlənmiş, Samurçay və Qusarçay çaylarında məcra tənzimləmə işləri, 46 ədəd hidrotexniki qurğunun cari təmir işləri görülmüşdür. 2017-ci ildə Bədişqala, Şirvanovka, Ləyərqışlaq, Haçatala, Əniğoba kəndlərində, 2018-ci ildə Quxuroba, Balaqusar, Həsənqala, Qalacıq və Gedəzeyxur kəndlərində artezian quyuları qazılmışdır ki, bu da həmin kəndlərdə suvarma və içməli su probleminin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə işlər davam etdirilir və 2019-cu ildə daha 5 kənddə artezian quyularının qazılması nəzərdə tutulmuşdur. Həyata keçirilən tədbirlər və kənd təsərrüfatı sahəsində görülmüş işlər rayonda istehsal edilən kənd təsərrüfatı məhsullarının həcminin və keyfiyyəti göstəricilərinin artmasına səbəb olmuşdur.
2018-ci ildə rayonda 17514,5 hektar buğda və 6500 hektar arpa sahəsində biçin aparılmış, 38209,3 ton buğda, 14242,5 ton arpa yığılmışdır. Hər hektardan orta məhsuldarlıq buğda məhsulu üzrə 21,8 sentner, arpa məhsulu üzrə 21,9 sentner təşkil etmişdir, 2018-ci ildə həmçinin rayonda 30507 ton kartof, 21836,9 ton tərəvəz, 3397,8 ton meyvə, 377 ton qarğıdalı, 492 ton digər paxlalı bitki məhsulları toplanmışdır. Hesabat ilində həmçinin 5507,4 ton ət, 28762,5 ton süd, 214,9 ton yun, 11 milyon 226 min ədəd yumurta istehsal edilmişdir.
Kənd təsərrüfatının, xüsusilə bağçılığın inkişaf etdirilməsi ilə bağlı aparılan tədbirlər sayəsində rayonda 2016-cı ildə 2006 hektar, 2017-ci ildə 967,9 hektar, 2018-ci ildə 300 hektar olmaqla son 3 ildə cəmi 3237,9 hektar yeni fındıq bağları əkilmişdir. Sahibkarlar tərəfindən fındıq bağları ilə yanaşı gilas, ərik, alma və digər meyvə bağları da əkilir. Rayonda 2016-cı ildə 80,1 hektar meyvə, 15 hektar üzüm, 2017-ci ilin yaz və payız aylarında 149,3 hektar, 2018-ci ildə isə 228,6 hektar müxtəlif növ yeni meyvə bağları əkilmişdir.
Hesabat ilinin payızında 2019-cu ilin məhsulu üçün 27237 hektar sahədə şum aparılmış, 18443,5 hektar sahədə (ötən ildən 929 hektar çox) buğda, 7524 hektar sahədə dən üçün, (ötən ildəkindən 1024 hektar çox) arpa, 195 hektar yaşıl yem üçün arpa, 24 hektar sahədə sarımsaq və 77 hektar yonca əkilmiş, 973,5 hektar sahə yazlıq bitkilərin əkilməsi üçün saxlanılmışdır.