Qanunvericilik
Ünvanlı dövlət sosial yardımı haqqında məlumat
Ünvanlı dövlət sosial yardımı haqqında məlumat
Sosial yardım almaq hüququna malik ailələr
Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının (270 manat 2024-cü il üzrə) məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər:
Aşağıdakı şəxslərdən məşğuliyyəti tələb olunmur
- Ailə üzvünün əmək qabiliyyətini itirməsi
- Ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 61-100 faiz (1-ci və 2-ci qrup əlilliyi) pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi
- Ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması
- Ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması
- Ailə üzvünün vəfat etməsi
- Ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi
- Ailə üzvünün azadlıqdan məhrum edilməsi
- Ailə üzvünün olduğu yerin məlum olmaması
Torpaq mülkiyyətçiləri
Ünvanlı dövlət sosial yardıma müraciət edən ailə əmək qabiliyyətli ailə üzvlərinin əsas iş yeri pay torpağı göstərirsə , həmin ailə üzvləri torpaq mülkiyyətçisi kimi sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta (MDSS) ödənişini 12 ay etdikdən sonra müraciət edə bilər .
5 hektaradək olduqda – minimum əmək haqqının 2 faiz miqdarında;
5 hektardan 10 hektaradək olduqda – minimum əmək haqqının 6 faiz miqdarında;
10 hektardan yuxarı olduqda –minimum əmək haqqının 10 faiz miqdarında;
Ünvanlı dövlət sosial yardımı almaq üçün nə etmək lazımdır?
Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Müraciət etmək üçün yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı ailə üzvlərinin razılığı əsasında notarius tərəfindən təsdiq edilərək təmsilçilik ərizəsi əldə etmək lazımdır.
Növbəti addım
“Digital Login” lə qeydiyyatdan keçərək ünvanlı yardım alt sisteminə daxil olaraq məlumatları elektron formada doldurmaq və sonunda təsdiq etməkdir.
Sistem tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən müvafiq qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.
Sosial yardımın təyin olunmasından imtina edilməsi aşağıdakı səbəblərdən biri olduqda sosial yardımın təyin olunmasından imtina edilir:
“Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda
Sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda
Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla)
Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Dövlət Məşğulluq Agentliyinin struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır)
Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı oduqda
Ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda
Sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə;
Torpaq mülkiyyətçisi kimi sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta (MDSS) ödənişlərinin 12 ay olmadıqda.
M İ S A L
Ailə 4 nəfərdən ibarətdir. Həmin ailədə əmək qabiliyyətlı üzvü bir nəfərdir. Ailə başçısı 500 manat əmək haqqı alır. Ünvanlı dövlət sosial yardımına müraciət edən zaman keçmiş 1 (bir) ilin gəlirləri nəzərdə tutulur.
500x12=6000 manat keçmiş dövrün 1 (bir) illik gəliri.
Cari il 270 man ehtiyac meyarı olduğu üçün həmin ailənin ehtiyac meyarı 270x4=1080 manat təşkil edir. ÜDSY-nın qanuna əsasən həmin ailəyə düşən ÜDSY-nın məbləğı aşağıdakı qaydada hesablanır.
1080x12=12960 manat. 1 (bir) illik ehtiyac meyarı
12960-6000=6960/12=580 manat ÜDSY-mı təşkil edir.
Daha ətraflı məlumat almaq üçün:
070 333 46 96 Mustafayev Murad - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu publik hüquqi şəxsinin 1 saylı Quba-Xaçmaz regional filialının Qusar rayon qəbul şöbəsinin müdiri
070 274 48 46 Əskərov Zeynal – Qusar RİHB Aparatının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçi