Tarixi
Qusar: Qədim yaşayış məskənlərinin məkanı
Əlverişli relyefə və iqlim şəraitinə malik olan Qusar rayonunda qədim dövrlərdən həyat mövcud olmuş, burada yaşayış məskənləri salınmışdır. Bunu qədim tarixi-mədəni abidələr də sübut edir. Qusar rayonunda 50-dən çox qədim şəhər və kəndlərin qalıqları vardır. Rayon ərazisində 48 adda ölkə əhəmiyyətli, 18 adda yerli əhəmiyyətli tarixi və mədəniyyət abidəsi mövcuddur.
Rayonda bürünc dövrünə aid bir çox arxeoloji abidələr aşkar edilmişdir. Onlardan böyük əhəmiyyətə malik bir neçəsinin adını çəkmək olar.
II Qəflə təpəsi – Geniş öyrənilmiş bu abidə Qusar-Xudat yolunun kənarında yerləşir, yerdən 10-15 metr hündürlükdə 3000 kvadrat metr sahəni əhatə edir. Buradan suvanmış döşəmə, soba, məişət quyusu, çay daşlarından hazırlanmış alətlər tapılmışdır. Bu tapıntılar eramızıdan əvvəl III minillikdə burada kənd təsərrüfatının, oturaq əkinçiliyin inkişaf etdiyini göstərir.
I Böyük təpə - Gicanoba kəndinin yaxınlığında 15 metr hündürlükdə, 1800 kvadrat metr ərazidə yerləşən ilk tunc dövrünə aid olan qədim yaşayış yeridir. Buradan daş və sümükdən düzəldilmiş alətlər, bəzək əşyaları, gil qablar, səhəng və dolçalar tapılmışdır. Bu yaşayış yerinin yanında 12500 kvadrat metr sahədə eramızdan əvvəl II əsrdən eramızın IV əsrinə kimi mövcud olmuş II Böyük təpənin qalıqları aşkar edilmişdir. IIII Böyük təpə yaşayış yeri isə Gicanoba kəndinin şimal-qərbində, 2100 kvadrat metr ərazidə yerləşir.
Pirali təpələri – İlk orta əsrlər yaşayış yeri olub Qusar-Xudat şose yolundan 500 m sağda, Samur-Dəvəçi kanalının sol tərəfindəki təpədə yerləşmişdir. Birinci təpə uzunsov, qabarıq formalıdır. Trapesiya formalı olan ikinci təpənin hündürlüyü 5-6 metr, sahəsi 700 kvadrat metrdir. İkinci təpə birincidən 100-150 metr cənub-qərbdə yerləşir. Kənarları sıldırımlı olan ellipsvari təpənin hündürlüyü 7-9 metr, sahəsi 4000 kvadrat metrdir. İstifadə edilmədiyindən mikrorelyefi yaxşı saxlanmışdır. Buradan üstü açıq çəhrayı rəngli naxışlarla bəzədilmiş çoxlu sayda gil məmulatlarının qalıqları aşkarlanmışdır. Yaşayış yeri VIII əsrə qədər mövcud olmuşdur.
Miysar təpələri – Rayonun Bədirqala kəndi ərazisində yerləşən I və II Miysar təpələri ilk orta əsrlərin abidələridir. Eramızın I əsrində burada qədim Miysar şəhəri mövcud olmuşdur. I Miysar təpəsi yerdən 9-10 metr yüksəklikdə yerləşir, 3500 kvadrat metr sahəni əhatə edir. II Miysar təpəsi 1200 kvadrat metr sahəni əhatə edir.
Piran xev – III-VI əsrlərə aid olan bu qədim yaşayış yeri rayonun Qalacıq kəndindən 3 km aralıda yerləşir. Burada ən maraqlı tapıntı drenaj sistemi olmuşdur. İki müdafiə səddi olan bu yaşayış yeri müvəqqəti istehkam olmaqla yanaşı, həm də uzunmüddətli yaşayış yeri olmuşdur.
Keledxür – Strateji cəhətdən əlverişli ərazidə yerləşən bu abidə Həzrə kəndində yerləşir. Abidə 3 terrasdan ibarət olub hündürlüyü 48 metrdir. III-XIII əsrlərdə iri yaşayış massivi olmuşdur. Kəşfiyyat işləri zamanı buradan daşdan tikilmiş divar qalıqları, gil qablar tapılmışdır.
Arxeoloqların Qusar rayonunun müxtəlif kəndlərindən tapdıqları orta əsrlərə aid silah və bəzək əşyalarının qalıqları, bardaqlar.
***
Tarixi mənbələrdə Qusar kəndləri: Çətkün və Sudur


Sudur və Çətkün kəndləri Qusar rayonunun qədim kəndlərindən hesab olunur. Hələ 1832-ci ildə rus alimi F.A.Şitnikov Çətkün kəndi haqqında məlumat vermişdir.
Arxeoloji qazıntılar Çətkünün qədim kəndlərdən olduğunu sübut edir. 1976-cı ildə arxeoloqlar kənddən 500 metr aralıdakı təpədə qədim yaşayış məskəninin qalıqlarını aşkar etmişlər. Çökmüş piramidanı xatırladan bu təpədən mis və saxsı qablar tapılmışdır. IX-XI əsrlərdə burada böyük kənd mövcud idi. 1977-ci ildə indiki kəndin ərazisində daha bir arxeoloji abidə üzə çıxarılmışdır. Ərazisi 7200 kvadratmetr, hündürlüyü 8-12 metr olan Şoranpel təpəsindən daş qutulardan ibarət qəbirlər tapılmışdır. Qəbirlərdən insan skeletləri, məişət və bəzək əşyaları tapılmışdır. Təpədə 1,3 metr hündürlükdə və 40 sm enlikdə daş divarlar aşkar edilmişdir. Bu, qədim dövrlərdə Şoranpeldə qala və kənd olduğundan xəbər verir. IV-VIII əsrlərdə Şoranpel böyük qala kəndi idi.
Qusar rayonunun kəndlərindən olan Sudur kəndi eyniadlı dağ silsiləsinin şərq yamacında yerləşir. Bu kəndin adı ilə bağlı bir neçə rəvayət var. Kəndin adı XII-XVI əsrlərə aid tarixi mənbələrə və Məhəmməd Rafinin XV-XVI əsrlərdə tərtib etdiyi salnaməyə düşmüşdür. Həmin mənbələrdən məlum olduğu kimi, kənd öz xalçaları ilə məşhur idi. 1913-cü ildə Qubadan Berlin sərgisinə göndərilmiş xalçalar arasında “Sudur” xalçası da var idi.
Tarixi mənbələrdən göründüyü kimi, sudurlular ərəb istilaçılarına, Nadir şahın qoşunlarına, XIX əsrdə isə rus işğalçılarına qarşı qəhrəmanlıqla döyüşmüşlər.
Qədim Sudur kəndi XII əsr şairi Dalahın, XVIII əsrdə Osmanlı imperiyasında qulluq etmiş, bir sıra əsərlərin müəllifi İbrahim Əfəndinin, 1837-ci ildə Quba üsyanı zamanı rus çarının qoşunlarına qarşı qəhrəmanlıqla vuruşmuş Məhəmməd Əfəndinin və başqa qəhrəmanların, Dağıstanın xalq şairi Bayram Səlimovun, Azərbaycanın tanınmış şairi Kələntər Kələntərlinin vətənidir.
***
Hil kəndinin tarixi-mədəni irsi
Adı qədim "hel" tayfasının adı ilə bağlı olan Hil kəndinin tarixi 3 min ildən çoxdur. Azərbaycan arxeoloqları bu fikri kənddə 1976-cı ildə apardıqları arxeoloji qazıntılardan sonra bir daha təsdiq etmişlər. İndiki kənd “Şahnəzər təpəsi”, “Semiz təpəsi” və “Musa təpəsi” adlı üç təpədə yerləşir.
Qusarlı alim, tarix elmləri doktoru Abidulla Orucov və arxeoloq Cabbar Xəlilov 1977-ci ildə çap olunmuş “Azərbaycan SSRİ Elmlər Akademiyasının xəbərləri”nin birinci sayında çap etdirdikləri “Qusar rayonunun Hil kəndindən tapılmış bəzi arxeoloji nümunələr haqqında” adlı məqalədə, eləcə də C.Xəlilovun, Q.Qoşqarlının, R.Arazovanın 1991-ci ildə rus dilində nəşr etdirdikləri “Şimal-Şərqi Azərbaycanın arxeoloji nümunələri” kitabında qədim kəndin 3 min illik tarixi olduğunu qeyd etmişlər. Bu məlumatlar Hil kəndinin Qafqazın qədim kəndlərindən olduğunu deməyə əsas verir.
Hil kəndi həm də öz sənətkarları ilə tanınmışdır. Məşhur hilli usta İlebis Şamaxı qalası, Şəkinin Keli qalası, Qəbələ və Qum qalalarını tikən sənətkarlardan olmuşdur. XX əsrdə başqa bir hilli sənətkar, anadan olmasının 120 illik yubileyi Azərbaycanda təntənə ilə qeyd olunmuş məşhur xalça ustası Zibeydə Mikayıl qızı Şeydayeva xalçaçılıq sənəti ilə ad qazanmış, ləzgi xalçalarının səkkiz yeni çeşnisini yaratmışdır.
Üç dövr hillilərin tarixinə Qusarın kəndlərinin mərkəzi kimi düşmüşdür: XV-XVII əsrlər, XIX əsr və Sovet dövrünün ilk illəri. İlk dəfə rayon da bu kənddə təşkil olunmuşdur.
Hil alimlər kəndi kimi də məşhurdur. Buradan riyaziyyat elmləri doktoru, professor Kərim Kərimov, kimya elmləri doktoru, professor Meyvəddin Hacıyev, kimya elmləri doktoru Hacağa Əmirquliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, bir çox kitabların müəllifi Yusif Hacıyev, riyaziyyat elmləri doktoru Əhmədbəy Məhəmmədov, elmlər namizədləri Laçın Laçınov, Benyaməddin Davudov, Mehdi Balayev, Rafiq Salahov və başqaları çıxmışdır. Hil həmçinin bir neçə rayona rəhbərlik etmiş Müslüm Murtuzayevin vətənidir.
Bir kəndin tarixi portreti: Əniğ kəndi
Qusar maili düzənliyində aparılmış arxeoloji qazıntılar Əniğ dərəsindəki 9 kəndin: Əniğ, Zindanmuruq, Kuzun, Yuxarı Ləgər, Suvacal, Xuray, Cağar, Çətkün və Ləzənin qədim zamanlardan mövcudluğunu təsdiq edir.
Tarixi mənbələrdən və arxeoloji materiallardan göründüyü kimi, Əniğ kəndinin bünövrəsi IV əsrdə qoyulmuş və həmin kənd VII əsrin sonuna kimi mövcud olmuşdur. Bu yaşayış məskəni yadellilər tərəfindən dağıdılanda yerli əhali indiki yerdə yenidən kənd salmış və düşmənlərdən qorumaq məqsədilə ətrafına daşdan hasar inşa etmişlər.
“Azərbaycan ensiklopediyası”nda bu kəndin IX əsrdən mövcud olduğu göstərilir. Lakin tarixi mənbələr və arxeoloji materiallar qədim kəndin bünövrəsinin IV əsrdə qoyulduğunu və onun VII əsrə kimi mövcud olduğunu göstərir. Həmin ərazidə IX əsrdə yeni kənd salınmışdır.
Əniğ kəndi barəsində tarix elmləri doktoru Cabbar Xəlilovun rusca işıq üzü görmüş “Əniğ qalası” (1962) və “Qusar rayonunun Əniğ kəndi yaxınlığındakı qədim qəbiristan haqqında” (1965) məqalələrində bir sıra qiymətli məlumatlar vardır.
Qusar çayının sağ sahilində yerləşən Əniğ kəndinin adı yerli əhalinin dilində “Ünüğ” adlanır. Kənddə arxeoloji qazıntılar aparmış C.Xəlilov onun adını “Enıx” kimi göstərmişdir.
Kəndin 1 kilometrliyindən tapılmış saxsı qablar, dəmirdən hazırlanmış silahlar, bəzək əşyaları kəndin qədim tarixindən xəbər verir. Arxeoloqların qeyd etdikləri kimi, daş, qalxan, nizə, ox-yay və başqa silah növləri yerli ustalar tərəfindən hazırlanmışdır.
Tarixi mənbələrdə Əniğ qalası haqqında bəzi məlumatlar vardır. Həmin məlumatlarda göstərilir ki, Sasanilərin Albaniya torpaqlarına hücumları zamanı Samur çayının sağ sahilində bir çox müdafiə qalaları ucaldılmışdır. “Çıraq qala”, Gil-gil çay səddi”, “Torpaq qala” və “Ünüğ” qala bu dövrdə tikilmiş qalalardır. IX əsrin əvvəllərində ucaldılmış Əniğ qalasının divarlarının uzunluğu 3 kilometr, eni 2 metr idi. Hazırda iki yerdə qalanın qalıqları qalmaqdadır. Bir yerdə divarın uzunluğu 20,5 metr, eni 2 metrə çatır. Başqa yerdə isə divarın eni 2,5 metr, hündürlüyü 6-7 metrdir.
Kənd ərazisində yerləşən digər bir memarlıq abidəsi monumentallığı və özünəməxsusluğu ilə diqqəti cəlb edən Əniğ məscididir. Məscid kəndin mərkəzində, onun nisbətən qədim hissəsində, hündür təpədə, 300 yaşlı köhnə məscid binasının yerində inşa olunmuşdur. Günbəzi xaricdən naxışlı metallarla örtülmüş, içəridən isə bəzəkli taxtalarla işlənmişdir. Məscid sadə memarlıq üslubuna malik geniş ibadət zalından ibarət olub, divarları rəngkarlıq süjetləri və naxışlı kompozisiyalarla, mehrabı isə stalaktitlərlə bəzədilmişdir. Mehrabın üstündəki divara ərəb hərfləri ilə həkk olunmuş yazıda məscidin Şeyx Abumüslümün vəsaiti ilə 10 il ərzində inşa edildiyi göstərilir. Məscid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.
***
Şimalın qədim yaşayış məskəni: Həzrə kəndi
Qusar rayonunun ərazisində min illərlə tarixi olan qədim kəndlərin qalıqlarına rast gəlmək olar. Hələ eramızdan əvvəl indiki Qusar rayonu ərazisində bir çox iri şəhər və kəndlər mövcud idi. Bunu eneolit, bürünc və dəmir dövrlərinə aid arxeoloji abidələr də sübut edir.
Belə qədim tarixə malik olan kəndlərdən biri də Həzrə kəndidir. Ləzgilərin qədim kəndlərindən olan Yargun Samur çayının sahilində yerləşir. Kəndin qədim tarixə malik olduğunu onun 10 yerində bu günə kimi qalmış qədim qəbiristanlıqlar sübut edir.
“Yargun” sözünün etimologiyasından danışanda alimlər bir neçə fikrə əsaslanırlar. Bəziləri bu toponimi ləzgi mifologiyasındakı təbiəti və kənd təsərrüfatını idarə edən Yar allahı ilə əlaqələndirirlər. Bəziləri Yargun sözünün sonundakı “n” hərfini inkar edir və həmin sözün xalqın dilində “Yargu” kimi qaldığını qeyd edirlər.
Kənd V əsrdə xəzərlər tərəfindən ələ keçirilmişdir. O vaxtdan kəndə Həzər, indi isə Həzrə də deyirlər. Kəndin ərazisində ölkə əhəmiyyətli memarlıq abidəsi olan XVI əsrin əvvəllərinə aid Şeyx Cüneyd türbəsi yerləşir. Bu qədim tarixə malik olan abidə özünün memarlıq üslubu ilə də diqqəti cəlb edir. Bişmiş kərpicdən inşa olunan türbənin üzəri böyük günbəzlə, daxili divarları isə bənövşəyi və firuzəyi kaşı örtülüdür. Türbənin yenilənməsi ilə xarici görkəmi dəyişsə də, interyerindəki tarixi elementlər öz orijinallığını dəyişməz olaraq saxlayır.
Kənd qədim zamanlardan öz igid oğulları və qızları, maarifçi ziyalıları ilə məşhur olmuşdur. XIX əsrdə rus qoşunlarına qarşı döyüşmüş Xanbutay bəy və onun həyat yoldaşı Tavat əsl xalq qəhrəmanları idi. Şair İshaq Əfəndi, 1890-1914-cü illərdə Quba qəzasının beş və Küre mahalının üç kəndində məktəblər açmış yargunlu Molla Carullah tanınmış ziyalılar idi. Molla Carullahın təşəbbüsü ilə Qubada “Səfa maarif cəmiyyəti” yaradılmışdı. Sonralar o, doğma kəndində “Maarif cəmiyyəti” təşkil edir.
Minilliklərin yaddaşını daşıyan Həzrə bu gün də öz tarixi irsini yaşadan kənd kimi Qusarın tarixi-mədəni xəritəsində özünəməxsus yer tutur.
Azərbaycan Respublikasının şimal-şərqində yerləşmiş Qusar rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1929-cu ildə Quba qəzası ləğv olunaraq rayonlara bölünmüş və mərkəzi Hil kəndi olmaqla indiki Qusar rayonu yaradılmışdır. 1934-cü ildə rayon mərkəzi Qusara köçürülmüş və 1938-ci ildən bura şəhər statusu verilmişdir.
Rayon daxilində ən qədim dövr çöküntüləri aşağı və orta yura yaşlı olub (Tahircal çayının yuxarı orta axınlarında) yaşı 135 -145 milyon ilə çatlr.
Qusar toponiminin mənşəyi haqqında müxtəlif mülahizələr mövcuddur.
Qusar coğrafi obyekt adının rus dilində vaxtilə “macar forması geymiş süvari əsgər” mənasında işlənmiş qusar sözü ilə bağlı olması haqqında mülahizə də mövcuddur. Fərziyyəyə görə Rusiyada 1783-1784-cü illərdə təşkil edilmiş Qusar Süvari alayı Azərbaycanın Rusiyaya ilhaq edilməsindən sonra rayon ərazisində yerləşdirilmiş və həmin yer bu qoşun növünün adı ilə adlandırılmışdır.
Digər bir mülahizəyə görə Qusar sözü qus/quz (qədim türk tayfasının adı) və ar (adam, kişi, ər) hissələrindən formalaşmış və quzlardan olan kişi, ər mənasında işlənmişdir.
Qusar sözünə A. Bakıxanovun “Gülüstani-İrəm” əsərində də rast gəlinir. Əsərdə 1602-ci ildə baş vermış hadisələrdən bəhs edən hissədə Qusar kəndinin adı çəkilir. (“Gülüstani İrəm” əsəri, Elm nəşriyyatı 1991, səh. 108).
Qusar rayonu ərazisində həyatın b.e.ə. II minillikdən etibarən mövcud olması güman edilir. Burada mövcud qədim yaşayış məskənləri kimi b.e.ə. I minilliyə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gövduşan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləyər), Qələxur təpələri (Həzrə) və sairəni göstərmək olar.
Rayon ərazisində bir sıra tarixi abidələr də mövcuddur. Rayonun Əniğ kəndində XIII əsrə aid qala divarlarının qalıqları, Həzrə kəndindəki 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olaraq burada dəfn olunmuş Ərdəbil şeyxi Şeyx Cüneydin qəbri üzərində 1544-cü ildə tikilmiş türbə, XVIII əsrə aid Köhnə Xudat, Xuray, XIX əsrə aid Hil, Gündüzqala və Həsənqala kənd məsçidləri bu günədək mühafizə edilən qədim tarixi abidələrdəndir.
Tarixi proseslər axarında, hal-hazırda Qusar adlanan bölgədə elm, mədəniyyət xadimləri ilə yanaşı səriştəli sərkərdələr və xalq uğrunda ölümə gedən üsyançılar da yetişmişdir.
Qusarın Xuluq kənd sakini Hacı Məhəmməd 1837-ci ildə Qafqazda çar işğalına qarşı baş vermiş ilk mütəşəkkil silahlı üsyanın təşkilatçısı və rəhbəri olmuş, 1853-cü ildə Qusarın Cağar kəndində doğulmuş Qaçaq Hətəm çarizmin müstəmləkəçilik siyasətinə qarşı çıxmış və Azərbaycan Demokratik Respublikasını müdafiə etmək üçün dəfələrlə XI Qızıl Ordunun dəstələri ilə fədakarcasına döyüşmüşdür.
II Dönya Müharibəsi cəbhələrində göstərdikləri rəşadətə görə həmyerlilərimizdən Mirzə Vəliyev (1923-1944), Adil Quliyev və A.İ.Rıbnikov Sovet İttifaqı Qəhrəmanı, Salah Salahov Bolqarıstanın qəhrəmanı fəxri adına layiq görülmüş, general-mayor Mahmud Əbilov (1898-1972) Sovet Ordusunun Diviziya Komandiri vəzifəsinə kimi yüksəlmiş və Böyük Vətən Müharibəsində xüsusilə fərqlənmişdir. Mühəndis Nizaməddin Ağamuradov və həkim Qavril Yelizarov Sosialist Əməyi Qəhrəmanı adına, Qarabağ səmasında qəhrəmanlıqla həlak olmuş hərbi pilot Fəxrəddin Musayev (1957-1992) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Qusar rayonu çoxlu elm xadimləri və görkəmli təhsil işçiləri də yetişdirmişdir. Fizika - riyaziyyat elmləri doktoru Kərim Kərimov, geologiya-minerologiya elmləri doktoru Qambay Xanməmmədov, neft-kimya üzrə elmlər doktoru Kamal Abdullayev, kənd təsərrüfatı elmləri doktoru Nazim Əmirov, sənətşünaslıq elmləri doktoru Nürəddin Həbibov, tarix elmləri doktoru Nuru Qurbanov, fəlsəfə elmləri doktoru Şaiq Şıxkərimov, tanınmış yazıçı jurnalist Əmir Mustafayev və başqaları rayonumuzun fəxri şəxsiyyətləridir.




***
Tanınmış alim, nüfuzlu ziyalı - Benyaməddin Davudov
O, əsl müəllim, gözəl ziyalıdır. Bu çətin və şərəfli işə həyatını, yaradıcılığını sərf etmişdir. Bilik və savadını gənc nəslə həvəslə öyrətmiş, onların Vətənə, dövlətə layiqli vətəndaşlar kimi yetişməsindən ötrü səylə çalışmışdır.

Benyaməddin Bəybala oğlu Davudov 1939-cu ilin martın 31-də Azərbaycanın dilbər guşələrindən biri olan Qusar rayonunun Hil kəndində dünyaya göz açmışdır. Hil kənd orta məktəbini bitirdikdən sonra o, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1962-ci ildə ali təhsilini başa vurub Moskva vilayətinin İstra şəhərindəki Elektromexanika Elmi-Tədqiqat İnstitutuna işləməyə göndərilmiş və orada aparıcı mühəndis vəzifəsində çalışmışdır. Benyaməddin müəllim burada zəngin iş təcrübəsi toplamış, elmi-texniki yaradıcılıq məktəbi keçmişdir. O, burada uzunmüddətli kosmik uçuşlar üçün plazma mühərriklərinin hazırlanması istiqamətində aparılan elmi-təcrübi işlərdə fəal iştirak etmiş, həm də kosmik plazma mühərriklərinə aid iki mühüm ixtiranın həmmüəllifi olmuşdur.
Benyaməddin Davudov 1965-ci ildə Belorusiya Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına qəbul olunmuş və 1969-cu ildə akademik M.A.Yelyaşeviçin rəhbərliyi altında “Plazma sürətləndiricilərində gedən fiziki proseslərin tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Müdafiədən sonra həmin institutda saxlanmış və kosmos proqramları çərçivəsində aparılan dövlət əhəmiyyətli elmi-texniki işlərə cəlb olunmuşdur.
1970-ci ildən Bakıya qayıdan Benyaməddin Davudov Azərbaycan Dövlət Universitetinin fizika fakultəsində elmi-pedaqoji fəaliyyətə başlamışdır. Bu təhsil ocağında yüksək ixtisaslı kadrların hazırlanmasında böyük əməyi olan Benyaməddin müəllim radiofizika, ümumi fizika, plazma fizikası, elektronika üzrə mühazirələr oxumuş, praktik məşğələlər aparmışdır. 100-dən artıq elmi əsər və 4 patentin müəllifi olan Benyaməddin Davudov radioelektronika sahəsinə aid dərs vəsaitləri – “Radioelektronikanın əsasları”, “Radioelektronikadan praktikum”, “Radiofizika” və digər kitablarını yazıb nəşr etdirmişdir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Benyaməddin müəllimin dövri mətbuatda ekoloji problemlərə həsr olunmuş maraqlı yazıları dərc olunmuşdur. Qusar ziyalılarına həsr olunmuş “Qusarın şanlı övladları” kitabının müəlliflərindən biri də Benyaməddin Davudovdur.
***
Qusar rayonu Qədim sivilizasiyaların izlərini yaşadan tarixi məkandır.
Əlverişli relyefə və iqlim şəraitinə malik olan Qusar rayonu məkanında qədim dövrlərdən həyat mövcud olmuş, burada yaşayış məskənləri salınmışdır. Bunu qədim tarixi-mədəni abidələr də sübut edir. Rayon ərazisindəki ibtidai insanların yurd yerləri, paleolit, mezolit və neolit dövrlərinə məxsus çoxlu mağaralar, düşərgələr və qayaüstü təsvirlər, qədim dövrlərə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları, siklopik tikililər, istehkam səddləri, qəbirlər və tarixin digər izləri burada yaşamış insanlar, onların məşğuliyyəti haqqında məlumat verir.
Rayon ərazisində ilk arxeoloji qazıntılar 1932-ci ildə Ə.K.Ələkbərov tərəfindən aparılmışdır. 1975-ci ildə Azərbaycan EA-nın Tarix İnstitutunun arxeologiya və etnoqrafiya şöbəsinin əməkdaşlarının rayonda apardıqları arxeoloji axtarışlar nəticəsində bürünc və dəmir dövrlərinə, eləcə də orta əsrlərə dair xeyli yaşayış məskənlərinin qalıqları aşkar olunmuşdur.
Rayonun dəniz səviyyəsindən 500-3200 metr yüksəklikdə yerləşən ərazisi tarixin müxtəlif dövrlərinə aid maddi-mədəniyyət abidələri ilə zəngindir. Qusar rayonunun ən qədim yaşayış məskənlərinə Qəflə, Gavdişan, Lukar, Lanqu, Suvar, Miysar və s. aiddir.
Qusar rayonunda 50-dən çox qədim şəhər və kəndlərin qalıqları aşkar edilmişdir. Qusarın qədim kəndlərindən olan Gədəzeyxur kəndində dörd yerdə “Şamilapel”, “Verdixanpel”, “Ağaxanapel”, “Mahmudapel” adlı qədim yaşayış məskənlərində tapılmış evlərin divarlarının, qəbirlərin, taxıl quyularının, saxsı qabların qalıqları, məişət əşyaları Qafqaz Albaniyasının V-VIII əsrlər dövrü haqqında maraqlı məlumatlar əldə etməyə imkan verir.
Rayon ərazisində 48 adda ölkə əhəmiyyətli, 18 adda yerli əhəmiyyətli tarixi və mədəniyyət abidəsi mövcuddur. Bunlara Əniğ kəndindəki IX əsrə aid qala divarlarının qalıqları, Kiriq kəndindəki orta əsrlərə aid karvansara, Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi, XIX əsrə aid Əniğ, Xuray, Hil kənd məscidləri, Əniğ, Hil, Tahircal, Düztahir və Quxur kəndlərinin yaxınlığındakı nekropollar, Köhnə Xudat kəndindəki Xudat qalasının qalıqları və s. aiddir. Rayon ərazisində qədim və orta əsrlərə, həmçinin müasir dövrə aid 75 abidə dövlət tərəfindən mühafizə edilir.
Qusar rayonunda mövcud zəngin arxeoloji və tarixi-mədəniyyət nümunələri bölgənin minilliklər boyunca formalaşmış sivilizasiya ənənələrinin daşıyıcısı kimi çıxış edir, həmçinin ölkəmizin elmi-tarixi irsinin daha dərindən öyrənilməsi və mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Şəkillərdə Qusar rayonunda arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri əks olunmuşdur.







.jpg)

.jpg)
.jpg)


















