Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Turizm

Meşələrlə örtülü dağların və dərələrin qoynunda yerləşən, şəlaləli çayları, diş donduran buz kimi soyuq bulaqları, güzgü kimi bərq vuran gölləri olan Qusar rayonu səyahət həvəskarlarının, təbiət vurğunlarının, turistlərin ən çox xoşladıqları məkandır.

Ölkəmizin şimal-şərqində, Şahdağın ətəklərində qərar tutmuş bu rayon, nəinki Azərbaycanın, eləcə də bütün Qafqazın ən gözəl guşələrindən biridir. İlin bütün fəsillərində burada səyahətə çıxan minlərlə təbiət həvəskarına rast gəlmək mümkündür. Yayda sərin meşələri, qışda pambıq kimi ağappaq qara bürünmüş dağ və dərələri buraya yolu düşənləri sanki ovsunlayır, onları təkrar-təkrar bu füsunkar diyara qayıtmağa məcbur edir.

Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəd olan Qusar rayonunda hazırda 100 min nəfərə yaxın əhali yaşayır. Rayonun inzibati mərkəzi Qusar şəhəri Bakıdan 183 kilometrlik məsafədədir. Şəhərin 20 min 800 nəfər əhalisi vardır. Rayon mərkəzinin relyefi buraya gələn turistləri elə ilk baxışdan məftun edir. Təmiz və səliqəli küçələri, ətrafa xüsusi gözəllik verən mənzərələr, yaşıllıqlar göz oxşayır. Turizm həvəskarları və səyyahlar rayonla tanışlığa vaxtilə bu şəhərdə olmuş böyük rus şairi Mixail Lermontovun adını daşıyan muzeydən başlaya bilərlər.

Rayon ərazisinin landşaftı turizmin inkişafı üçün çox əlverişlidir. 15 hektar sahəsi olan Qusar Dövlət Təbiət Yasaqlığında və təbii meşələrində enliyarpaqlı vələs, palıd, qayın, qovaq, qarağac, fıstıq ağacları üstünlük təşkil edir. Çay yataqlarındakı meşələrdə əzgil, zoğal, alça, sumax, yemişan kimi yabanı meyvələr, itburnu, yabanı üzüm, böyürtkən və digər təbii dərman bitkiləri yetişir.

Qusar rayonu özünün zəngin faunası ilə də fəxr edə bilər. Canavar, ayı, tülkü, qaban, dağ keçisi, dovşan və s. kimi heyvanlar, turac, kəklik, bildirçin, çöl göyərçini, yaşılbaş ördək və digər müxtəlif növ quşlar bu əsrarəngiz məkanın bəzəyidir.

Bu yerlərdə dərələrdən axan şəlalələr turistlərin nəzərini həmişə cəlb etmişdir. Şahnabat, Ləzə, Qurqur çaylarının üzərindəki şəlalələrə baxmaqdan, su şırıltısının səsini dinləməkdən doymaq olmur. Qış mövsümündə isə bu şəlalələr donur və buzlu dağlara dırmanmağı xoşlayan alpinistlərin yarış yerinə çevrilir.

Rayonda piyada gəzməyi xoşlayan turistlər üçün də əlverişli şərait vardır. Bu gözəl diyara gələn turistlər ekoloji xarakterli 3 marşrut üzrə hərəkət edə bilərlər. Bunlardan biri Qusardan Ləzə şəlaləsi istiqamətindədir. Bu marşrutla hərəkət edən turistlər yolüstü Əniğ kəndində düşərgə salıb dincələ bilərlər. Bu zaman kəndin yaxınlığındakı XIII əsrə aid Əniğ qalasının indiyədək salamat qalmış divarlarının qalıqlarına tamaşa etmək yerinə düşər. IX əsrə aid olduğu ehtimal edilən bu qədim qala Şabranla Dərbənd arasında strateji mövqedə yerləşmişdir. Turistlər burada nisbətən yaxşı qalmış məscid binasına baxmaqdan da vaz keçməzlər.

Bu kəndin yaxınlığında fəaliyyət göstərən “Suvar” dağ-turizm istirahət zonası qonaqların üzünə hər zaman açıqdır. Burada yaxşıca nahar etmək və dincəlmək olar. Ləzə kəndinə çatdıqdan sonra isə Quba rayonunun məşhur Xınalıq kəndinə, necə deyərlər, əl uzatsan çatar. Piyada gəzməyi xoşlayan turistlər son vaxtlar bu marşrutdan daha çox istifadə edirlər.

Qusar-Qazanbulaq istiqamətində olan marşrutda turistlər üçün maraq doğuran obyektlərdən biri də Urva kəndi yaxınlığındakı 7 hektarlıq ərazidə yerləşən “Əlistan baba” fıstıq meşəsidir.

Qusardan Sudur istiqamətinə aparan yolun uzunluğu 75 kilometrdir. Bu marşrutla səyahətə çıxarkən Şahdağın yamacında yerləşən Həzrə kəndinə dönüb Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin XVI əsrə aid məqbərəsini də ziyarət etmək olar.

Qusarda qonaq olan səyahət həvəskarları dincəlmək və gecələmək üçün müasir standartlara ən yüksək səviyyədə cavab verən “Şahdağ” Qış-Yay Turizm Kompleksi və onun "Pik Palace", "Park Chalet", "Shahdag Hotel & Spa" və "Zirve", "Park Qusar", "Suvar", "Chateau Qusar", "Ladera",  "Xutorok ", "North", “Qayibulaq”, "MM", “Şahdağ”, “Qusar bulaq”, “Star Qusar”, "Piknik", “Şahbulaq” və bir sıra digər hotel, kottej və istirahət mərkəzlərinin xidmətindən yararlana bilərlər. Yerli və xarici turistlər "Xidir", "Ayişığı", "Şahnabat", "Xutorok", "Diamond Riverside Qusar", "Almera" kimi ixtisaslaşmış və gözəl şəraiti olan şəhər restoranlarında yerli mətbəxin ləziz təamlarından dada bilərlər.

Azərbaycanın digər bölgələrində olduğu kimi, Qusar rayonunda da xalqımızın qədim mədəniyyətinin və həyat tərzinin izlərini görmək olar. Həzrə, Balaqusar, Əniğ, Yasab, Köhnə Xudat, Gündüzqala kəndlərində qədim məqbərələrin, məscidlərin, qədim insan məskənlərinin, qalaların qalıqları qorunub saxlanılmaqdadır.

Rayonda qədim xalq sənətinin ən geniş yayılmış növü xalçaçılıqdır. Həm ev şəraitində, həm də şəhərin mərkəzində yaradılmış sexdə toxunan xovsuz Sumaq xalçaları daha çox məşhurdur. Respublikamızda ən böyük xalçatoxuyan dəzgah bu sexdə quraşdırılmışdır. Həmin dəzgahda eyni vaxtda 10 nəfər işləyə bilir. Xalı-xalça həvəskarları Qusar xalçalarına böyük üstünlük verirlər.

Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. 2008-ci ildə kompleks təlim-məşq toplantılarının, respublika və beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi, həmçinin istirahət üçün 40 kottecə malik ideal məkan olan təbii meşəliklərlə əhatə olunmuş Qusar Olimpiya-İdman Kompleksinin, 2011-ci ildə Qafqazda bənzəri olmayan şəhər mərkəzindən 29 km  məsafədə, Şahdağın ətəylərində yerləşən “Şahdağ” Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi misal gətirmək olar. “Şahdağ” Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi ilə ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizmi də inkişaf etmeyə başlamışdır. Beləliklə, “Şahdağ” Qış-Yay Turizm Kompleksinin işə düşməsi nəticəsində Azərbaycan aparıcı turizm ölkəsinə çevrilməsinə imkan vermişdir. 

Doğma Azərbaycanımızın hər tərəfi gözəldir, mənzərəlidir, səfalıdır. Qusar rayonu da bu füsunkar torpağın bir parçası kimi təkrarsızdır, cəlbedicidir. Bu gözəlliklər məskənindən istifadə etməyin, onu yaxından tanımağın və xarici qonaqlara tanıtmağın, buraya daha çox turistin cəlb olunmasına səy göstərməyin əsl zamanıdır.

Məlumatda, AZƏRTAC-ın yazılarından istifadə olunub.

Keçidlər